ADİL BABAYEV – 100
Gəlimli-gedimli dünyadan kimlər gəlib keçmədi ki. Neçə-neçə şairlər, yazıçılar, bəstəkarlar, elm xadimləri və sairə, və ilaxıra.
Elə böyük şəxsiyyətlərdən də biri, söz incilərindən də biri XX əsrdə yaşayıb-yaratmış Adil Qafar oğlu Babayev olmuşdur. Şeirləri ilə həmişə oxucularını həmişə düşünməyə vadar edən şair idi. Yazdıqları şeirlərini oxuduqda kövrəlməmək mümkün deyildi.
Çünki onun yazdığı şeirlərində bir ata nisgili, bir atanın üzünü görməməkdən doğulan kədərin cizgiləri var idi. Atası amansız represiyya qurbanlarından idi. Düz 31 il “xalq düşmən”in oğlu kimi yaşadı. Bu ağır yükü çiyinlərində, ürəyində ən ağır yük kimi daşıdı. Yaşadıqlarını dilə gətirə bilməsə də susdu. Özü sussa da amma qələmi, qəlbi sözlə döyünən ürəyi susmadı. Rəssam fırçası ilə şəkilləri çəkdiyi kimi Adil müəllim də şair qələmi ilə sözün şəkilini çəkirdi. Minbir çətinliklər görən şair həm də xoşbəxt şair idi. Adil müəllimə ona görə xoşbəxt şair demək olardı ki, hələ 20 yaşında şairə ilk xeyir-duanı böyük şairimiz Səməd Vurğun vermişdir. Şairin ” Çinar” adlı şeirindən Səməd Vurğun çox təsirlənmişdir.
Şair! Nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çaldığın o saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz.
Şeir bir neçə bənddən ibarətdir. Mən cəmi bir bəndin yazdım. Şairin təbiriycə desək, həqiqətən də şairin yazdıqlarında incəlik var idi. Səməd Vurğun gənc qələm dostunun qəlbini rübaba bənzədirdi. Onun gələcəyini parlaq görürdü. Səməd Vurğunun Adil Babayev haqda şeir yazmağı ədəbi mühitdə onun yollarını açdı. Bir növ bu şeir şairin yaradıcılıq üçün vizit kartına çevrildi. 20 yaşında o vaxt Azərbaycan Yazıçılar İttifaqqı olan Azərbaycan Yazıçılar İttifaqına üzv oldu.
Şair Azərbaycan ədəbiyyatında sonetlərlə yadda qalsa da amma o təkcə sonetlər yazmayıb. Onun dramları, pyesləri, hekayələri, gözəl lirik şeirləri ədəbiyyatımızı daha zənginləşdirib. O dövrün acıların, ağrıların şairin şeirindən görə bilirik.
Ömrünü-gününü, həyatını heç də toy-bayram kimi yaşamadı. Sevinci biranlıq oldu, kədəri ömrü boyu onu izlədi. Odlara, alovlara girə-girə daha möhkəmləndi, daha bərkidi. Çətin vaxtlarında da, sevincli vaxtlarında da Yaşadıqlarını sözə çevirdi, qələmə sarıldı. Ədəbi mühitdən dostları çox olsa da amma ən sadiq dostu, sirdaşı qələmi oldu. Heç kimə deyə bilmədiyini, danışa bilmədiyini qəlbinin, könülünün pıçıltısıyla qələmə dedi. Sözləri muncuq kimi kağıza düzdü. Al sabahları görmək üçün zülmətləri yardı. Sözüylə çox işıqlı sabahlar gördü. Yazdı, yaratdı. Bənzərsiz əsərləriylə vətəndə böyük söz gülşəni yaratdı.
Necə ki, şair şeirlərinin birində deyir:
Ömründə heç bir kəsin
Kölgəsində yatmadım,
Vicdanımı, mənliyimi
Məsləyimi, satmadım.
Bu bəndlik şeirində şairin necə də qürurlu, vüqarlı olduğunu açıq- aydın görə bilirik.
Adil Babayev şeirlərində təkcə özünü yazmırdı. O gördüklərini, müşahidə etdiklərini qələmə alırdı. Yəni onun özünəməxsus əsərlərində hamı, mən, sən, o, başqası öz yaşadıqlarını görə bilir.
Şair başqa şeirində bu cür deyir:
Şərəfdən tökülmüş bir heykəlimsən,
Yoxsa təbəssümdən yaranmış çiçək?
Ay gözəl, dünyaya nə vaxt gəlmisən,
Söylə ki, o günə deyim mübarək!
Adil müəllim bu şeiri başqasına yazsa da ancaq bu şeirdə özünü özündən sonra yaşayan sözlərini, qiymətli söz xəzinəsini yazmış olub.
Düzlüylə hələ sağlığında çox sevdiyi Azərbaycan xalqının ürəyində heykəlini ucaldan, səmada bərq vuran günəş təbəssümü ilə Adil Babayevin varlığı bizim mübarək günümüz, yoxluğu isə həddən ziyadə kədərimizdir.
Oğlu, dəyərli ziyalımız, Əməkdar jurnalist Etibar Babayev atası haqda xatirələrində bu cür yazır:
“Adil Babayevin hələ 1970-ci ildə yazdığı “Yaşamağı bacarmıram” adlı şeiri isə ləyaqətlə yaşamağı bacaranların rüşvət, riya, mənəvi eybəcərlik dünyasına kəskin ittihamı kimi səslənirdi:”
…Qəh-qəh çəkib gülsün mənə,
Neçə yaltaq, neçə harın.
Yaşamağı bacarmıram
qoltuğunda
sözü meyxoş, ürəyi boş,
Ərin haram pullarından,
fikri sərxoş xanımların.
Bəzən benzin, bəzən beton,
bəzən pambıq hesabına
villaları,maşınları qoşalayan,
Ürəklərə, şüurlara
zəhər tökən, şübhə yayan zəlilərin,
Qəlbi, fikri zəlillərin
düşməniyəm! Tüpürürəm o həyata.
Çörəyinə neçə haram,
dediyinə neçə yalan qata-qata,
yaşayanlar bəyənməsin məni, nə qəm?
Mən şairəm!
Ürəyimi günlərimə yedirirəm
Şairə həsr etdiym yazımın da adını “Yaşamağı bacarmıram” adlı şeirə istinadən Yaşamağı bacarmayan şair qoymuşam.
Könlüm Aya, Günə.sirdaş,
Ağarır saç, çoxalır yaş,
Bircə kəlməm, bir sözüm
Ürəklərdə qalaydı kaş –
Mən dünyada olmayanda…
48 il aramızda olmasanız da, narahat olmayın şair!!! Siz həmişə bizim qəlbimizdə, ürəyimizdə möhtəşəm əsərlərinizlə, lirik şeirlərinizə bəstələnmiş nəğmələrlə yaşayacaqsınız. Övladlarınız Etibar Babayev, Məlahət Adilqızı çox sağ olsunlar ki, sizin ədəbi irsinizi göz bəbəyi kimi qoruyub saxlayırlar. Ruhunuz şad olsun!!!
***
Səməd Vurğun
Mənim arzum
Daddımsa dünyanın hər nemətini
Dilbər guşələrdə ötdüsə ömrüm,
Dünyanın ən böyük səadətini
Bu boylu çinarın altında gördüm.
Adil Babayev
Şair! Nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çaldığın o saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz.
***
O səcdə qıldığın çinar kölgəsi
Mənim də şeirimin qibləgahıdır.
Qurbanı olduğum Odlar ölkəsi
Hüsnün də, eşqin də ilk sabahıdır.
***
Sən ana torpağı qarış-qarış gəz,
Hər daşın altında bir gövhər axtar.
Eşqinə, qəlbinə yad ola bilməz,
Vətən sevgisilə yanan sənətkar.
***
Şair! Yuvasından tərlanı səslə,
Qartal qanadınla fəzaları aş!
Bu ilk məhəbbətlə, bu ilk həvəslə
Mən keçən yolları sən də keç, qardaş!
***
Vaxtdır! Bu eşq ilə bir dastan başla,
Min ürək dil açsın hər varağında.
Babalar yurdunu sən də alqışla
Bizim Vaqif kimi Kür qırağında.
***
Hər otun, çiçəyin öz adını yaz,
Hər insan ömrünün bir kitabı var.
Mənasız gözəllik xatirdə qalmaz
Sənə sarban olsun böyük arzular.
***
Danışdır torpağı hər sirrini aç,
Oxuyub doymasın nəsillər onu.
Kamalın hüsnündən Günəşə nur saç –
Onun nə ilki var, nə də ki, sonu.
***
Şeir rübabını sən ürəklə çal,
Ürəksiz deyilən sözlər saxtadır.
Sənə oğlum deyir bu gün istiqbal –
Elə zənn etmə ki, o uzaqdadır!
***
Gələcək eşqilə yanan bir ürək,
Ağlın fəzasında balü-pər açar…
İstiqbal idrakla şəfəqlənəcək,
Hər tilsimli yolu bir hünər açar.
***
Uç, uç! Sən xəyalın asimanında,
Hər daşa, torpağa qanad ver, qanad!
Etila hüsnü var insan qanında –
Bizə yüksəl deyir anamız həyat!
Osman Sarıvəlli
Ad və təbiət
Şair dostum Adil Babayevə
Ana övladına doğduğu gündən
Yaxşı ad axtarır, yaxşı ad, ancaq!
Qabaqda illər var, ana nə bilsin,
Körpənin taleyi necə olacaq?!
***
Sən şeirə, sənətə fikir ver, canım,
Baxma təmtəraqlı quru boş ada.
“Ədalətli şahdır!” – deyən olmamış,
Zülmkarın adı “Adil “olsa da.
***
Görünür, xeyirxah olub təbiət –
Qıymayıb sözlərin şeiriyyətinə.
Gör necə xoşbəxtsən, Adil doğrudan,
Adın müvafiqdir təbiətinə.
Nəbi Xəzri
Vida
Niyə gün qaraldı,
Ay kölgələndi,
Ümidlər sovuşdu sonsuz həsrətə?..
İlkin görüşümüz
Sanki dünəndi
Sən bu gün tələsdin əbədiyyətə?!
Yuxusuz gecəni
Açdım kədərlə,
Elə bil bir qolum, qanadım sındı.
Sandım ki, bu ağır,
Qəmli xəbərlə
Nəslimin ilk vida zəngi çalındı.
Yandı misraların
Gur şöləsilə
Nur saçdı hər yeni kitabın sənin
Nəsillər söylədi Vurğun diliylə:
“Şair, nə incədir rübabın sənin”.
Ey ata üzünə həsrət qalan dost,
Yaxşı ki, illərin analı keçdi.
Bircə təmənnası
Şeir olan dost,
Ömrün də
Şeirintək
Mənalı keçdi.
Keçdimi?
Əbədi qaldı dünyada
Ucaltdın sənətin nəcib səsini.
Sənə vəzifələr vəd olunsa da,
Sən seçdin
İnsanlıq vəzifəsini!
Durur yadigarın doğma Vətəndə
Cüt övlad –
Qartalın cüt qanadıdır.
Özün fəxri adlar
Daşımasan da,
Adın şeirimizin fəxri adıdır!
Dayansın dostların
Qoy cərgə-cərgə,
Sənin bu sonuncu ziyarətində.
Bizə miras qalan
Şeirinlə birgə
Qalır məhəbbətin, sədaqətin də…
Nəriman Həsənzadə
Səndən sonra
Biz sənin evində səndən xəbərsiz,
Sənin ad günündə – sənlə və sənsiz.
Oturub danışdıq, güldük də hələ,
Gəldin öz evinə xatirələrlə.
***
Təriflər dedik biz sənin adına,
Səni səndən sonra kəşf elədik biz.
Pərəstiş elədik istedadına,
Sənə deyiləni sənsiz dedik biz.
***
Vaxt tapıb doyunca heç görüşmədik,
Ötdü yanımızdan xəbərsiz illər.
Sənin ilhamını başa düşmədik,
Üstündə başdaşı qalxana qədər.
***
Yaşayır hər ömrün məna şərəfi,
Görünür boş qalan şanlı yeri də.
Adı, mükafatı, sözü, tərifi
Gördük təşkil edib ölənləri də.
***
İmzan yazılmışdı qapının üstə,
Adını nəvənə qoymuşdu oğlun.
Dönmüşdün qəribə, balaca büstə,
Evdə həm var idin, həm də ki, yoxdun.
***
Nə deyim, belədir dünya qədimdən,
Səbri də böyükdür torpağın, daşın.
Ürəkdən gülməyə ehtiyat edən
Bircə qadın idi – həyat yoldaşın…
***
Oğulla, nəvəylə, qızla, gəlinlə,
O, yenə tək idi ortada sənsiz.
Ərsiz qadın kimi dünyada hələ
Nə yetim görmüşəm, nə də kimsəsiz.
Xəlil Rza Ulutürk
Müasir poeziyamız onunla qüvvətlidir ki, müxtəlif üsluba malik yaradıcıların əli ilə yaradılır. Müasir insanı və ümumən müasir bəşəriyyəti düşündürən bașlıca məsələlərin poetik ifadəsi burada əksini tapır. Şeirimiz bu gün bütün yer kürəsində gündən- günə qizişan prosesi – humanizm ilə anti- hmanizm arasındakı mübarizəni fəal sənətkar- vətəndaş mövqeyindən coşqunluqla əks etdirir. Adil Babayev şeirimizi döyüşkənliyi,
mübarizliyi i ənənəsini özünəməxsus biçimlə davam və inkişaf etdirmişdir.
Bəxtiyar Vahabzadə
Adil Babayevlə bír vaxtda müharibə illərində ədəbiyyata gəlmişik. İlk șeirlərimiz təxminən 43-44- cü illərdə çap olunub.
Həyat, poeziya bizi birləşdirirdi. O zaman Universitetdə Mir Cəlal Pașayevin ədəbiyyat dərnəyi var idi. Həmin dərnəkdə iştirak edərək, ilk yazılarımızı mərhum Mir Cəlal müəllimə oxuyardıq.
Adil Babayevi fərqləndirən əsas xüsusiyyət nədən ibarət idi? Hər şeydən əvvəl sözün əsl mənasında bir ziyalılığı. Mən onun səsini hündürdən bir dəfə də eşitməmişəm Heç kəsin qəlbinə toxunmaq istəməyən bir adam idi, O zaman biz rayonlardan gələn cavanlar rus dilini çox da bilmirdik. Amma Adil Babayev rus dilini mükəmməl bilirdi. Bu dil vasitəsilə qərb və rus ədəbiyyatını dərindən mütaliə edirdi, tərcümələr edirdi. Adilin ziyalılığı Adilin savadı,təhsili yaradıcılığında da özünü göstərirdi. Ötəri mövzulara əl atmırdı. O, özünü düşündürən mövzuları, qiymətli fikir deyən mətləbləri qələmə almağı sevərdi. Adilin yaradıcılığında ikinci mühüm cəhət poema janrına müraciəti idi. Onun tarixi mövzuda yazdığı poemalar içərisində Əbubəkr Əcəmiyə həsr olunan “Memarın məhəbbəti xüsusi yer tutur. O, sənəti, rəssamlığı çox gözəl bilirdi. Və buna görə ilk dəfə böyük rəssamımız Səttar Bəhlulzadə haqqında poemanı Adil Babayev yazdı. O vaxt hələ Səttarı çox adam başa düşmürdü, böyüklüyünü görmürdü. Adil isə görürdü, dərk edirdi və bu əvəzsiz sənətkarı hər yerdə təbliğ edirdi. Bugünkü kimi yadımdadır, o, elə bil rəssamın rənglərlə dediyi fikirləri sözə çevirmişdi, sözlə lövhələr yaratmıșdı. Hüseyn Ərəblinskiyə həsr olunan dramatik poema da ədəbiyyatımızın ən gözəl nümunələrindən biridir.
Etibar Babayev
… Böyük bir həbsxananı xatırladan “azad” məmləkətdə xəyanət, satqınlıq, rəzalət gölünə baş vurmadan yașayanların sürgünə, ölümə məhkum edildiyi vaxtda, yan-yana dayanan üç nəfərdən ən azı birinin xəfiyyə orqanlarının gizli məlumat mənbəyinə çevrildiyi günlərdə mənən təmiz qalmaq, bəșəri dəyərlərə üz tutmaq, haqqın, ədalətin varlığına șəkk gətirməmək, partiya biletindən deyil, Tanrının ətəyindən yapışmaq nə qədər çətin imiş, Allah! Bunun üçün yalnız təmiz ana südü əmmək də azdır. Adil Babayevə bu nemət nəsib oldu.
Kamal Talıbzadə
Adil lirik şairdir. Onun șeir rübabinin sədaları rəngarəngdir. Həyatın, təbiətin hər hadisəsi şair kõnlünü həyəcana, riqqəttə gətirə bilir. Onun üçün böyük, kiçik mövzu, böyük-kiçik hadisə yoxdur. O, Vətəndən də, onun yollarindan da, xalqlar dostluğundan da, evlərinin qabağında ucalan qarağacdan da, siyasi hadisələrdən də, küləklərdən đə, ulduzlardan da eyni hərarətlə, eyni ilhamla yaza bilir. Lakin bütün bunlar əsas mövzu ətrafinda cəmləşir insana, onun arzularına, gələcəyinə xidmət! İnsan șairin õlçü vahididir. Onun qəlbi insana məhəbbət və șəfqətlə doludur. Insana, onun qurduğu cəmiyyətə fayda gətirən hər hansı hadisə yaxșıdır, gözəldir, məqbuldur. İnsana ziyan verən, onun sədaqətinə qarşı çevrilən hər hansı hadisə pisdir, eybəcərdir, nifrətə layiqdir. Geniş, rəngarəng ziddiyyətlərlə dolu mövzu çox zaman șairin öz həyatabaxışı, dünya- görüșü, sevinc və kədəri, məhəbbət və qəzəbi ilə qarışmış şəkildə verilir. Bașqa sözlə, șairin lirik qəhrəmanı onun öz məni ilə qovușur, vəhdət təşkil edir.
İmamverdi Əbilov
Son illərdə Adilin sonet janrina tez-tez mūraciət etməsi təsadüfi deyil. Bu sonetlərin hər biri onun geniș həcmli əsərlərinin epiqrafı kimi səslənir. Kitaba toplanmış on sonetdə sevgi, sədaqət motivləri xüsusi yer tutur. Dərindən diqqət verəndə, müxtəlif mövzulara həsr olunmuș bu sonetlərdə vahid süjet xətti müşahidə etmək mümkündür. Süjet dedikdə, konkret hadisələrin müəyyən çərçivə dairəsində cərəyanı deyil, insan ömrünün fəlsəfi mənası haqqında tam təsəvvür oyadan amillərin vəhdəti nəzərdə tutulur. Sonetlərdən aldığımız emosional təsir belə qənaət yaradır: ömrün qisməti “günəş. sevinc, məhəbbət” olmalıdır. Bu qismətə nail olmaq üçün inam və mübarizə eșqi ilə yaratmalı, yaşamalıyıq.
Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatçısı.
